Ərdoğan çevriliş gecəsi onu canlı yayına bağlayan teleaparıcını qəbul etdi

Rəcəb Tayyib Ərdoğan 15 iyulda beş verən hərbi çevriliş cəhdindən sonra onu videozənglə canlı yayına qoşan “CNN TÜRK”ün aparıcısı Hande Fıratı qızı ilə birlikdə Prezident Sarayında qəbul edib.

 

APA TV-nin xəbərinə görə, bu barədə Hande Fırat sosial şəbəkədə paylaşdığı foto ilə məlumatı yayıb. O, Twitter hesabında “Prezident bizi qəbul etdi. Təşəkkür edirik” deyə yazıb.

 

Qeyd edək ki, 15 iyul gecəsi Ərdoğan çevriliş cəhdinə münasibətini “FaceTime” vasitəsilə məhz Hande Fıratın verilişində açıqlayıb və xalqı meydanlara çıxmağa səsləyib. Bu açıqlamadan sonra xalq meydanlara axışıb və çevriliş cəhdinin qarşısı alınıb.

 

Qiyam yatırıldıqdan sonra səudiyyəli bir iş adamı Hande Fırata "iPhone" markalı smartfonunu 1 milyon riyala (417,688 AZN) satmağı təklif edib. Halbuki "iPhone"un təxmini qiyməti 1000 manat civarındadır.

 

Müəllif | Apa.Tv
Apa.tv