Zaqatalada iki narkotik alverçisi tutuldu
Zaqatala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Mingəçevir şəhər və Balakən rayon sakinlərini həbs edib.
Zaqatala rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirilib.
Daxil olan məlumat əsasında Mingəçevir şəhər sakini Kərim Nadir oğlu Nəcəfov idarə etdiyi “Mercedes” markalı, 99 DV 016 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu ərazisində hərəkətdə olarkən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Kərim Nəcəfovun avtomobilinə baxış keçirilən zaman avtomobilin qabaq kapotunun iç örtüyünün altında gizlədilmiş polietilen torbanın içərisində 21 ədəd kibrit qutusunda narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Aparılmış istintaq tədbirləri nəticəsində məlum olub ki, Kərim Nəcəfov tanışı olan Balakən rayon sakini Elnur Hidayət oğlu Məmmədovla Zaqatala rayonunun Mazıx kəndi ərazisində görüşərək, ondan 21 ədəd kibrit qutusunda qablaşdırılmış narkotik vasitəni 650 manata alıb. Keçirilmiş tədbir nəticəsində Elnur Məmmədov da tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.