Qəbələdə VIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq havada quraşdırılan möhtəşəm səhnədə keçirilən mərasimdə əvvəlcə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

 

Sonra xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Mindən çox tamaşaçının dinlədiyi konsertdə Üzeyir Hacıbəylinin, Niyazinin, Fikrət Əmirovun, Qara Qarayevin, Cakomo Puççinin, Cüzeppe Verdinin, C.Rossininin əsərləri səsləndirilib.

 

Festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli bu mötəbər tədbirlə bağlı fikirlərini açıqlayıb: "Dünyada nadir hallarda belə olur ki, təbiətlə musiqi birgə vəhdət təşkil etsin. Yerli orqanlara, Heydər Əliyev Fonduna, eyni zamanda festivala maliyyə dəstəyi verən "Gilan Holding"ə öz təşəkkürümü bildirirəm. Konsert proqramımız hədindən artıq zəngindir. Ümidvaram ki, hamı bu festivaldan razı qalacaq".

 

Daha sonra festivalın xüsusi qonağı olan bəstəkar və müğənni, Xalq Artisti və Əməkdar incəsənət xadimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səhnəyə çıxıb. O, Qəbələ Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışıb, belə bir musiqi bayramının təşkilinə görə Azərbaycan prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Xalq və bəstəkar musiqilərini səsləndirən Polad Bülbüloğlunu oğlu, gənc dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

 

Qeyd edək ki, avqustun 5-dək davam edəcək VIII Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv