Lənkəranda mal-qara oğurluğu ilə məşğul olan dəstə yaxalandı

Lənkəranda mal-qara oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb.

 

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Toğrul Hüseynovun APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, rayonun Şilavar kənd sakinləri Fərhad Abbasov, İdris Ağayev, Ağarza Hüseynov, Mehriban Hüseynova, Təvəkkül Qurbanov, Lənkəran şəhər sakini Seyidəli İsgəndərov və digərləri polis şöbəsinə ərizə ilə müraciət edərək, ayrı-ayrı vaxtlarda onlara məxsus xeyli sayda iribuynuzlu və xırda buynuzlu mal-qaranın naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.

 

İstintaqla müəyyən edilib ki, Lənkəranın Şilavar kənd sakini, 1965-ci il təvəllüdlü Qəhrəman Nəzər oğlu Zəkiyev oğlu, 1994-cü il təvəllüdlü Seymur Zəkizadə və həmkəndlisi Tural Ceyhun oğlu Ağazadə ilə 2015-ci ilin dekabr ayından başlayaraq 2016-cı ilin iyul ayının əvvəllərinə kimi Şilavar kənd sakinlərinə məxsus ümumilikdə 8 baş inək və 4 baş qoyunu gizli olaraq talamaqla  oğurluq ediblər.

 

Lənkəran polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qəhrəman Zəkiyev, Seymur Zəkizadə və Tural Ağazadə şübhəli şəxs qismində saxlanılıb. İlkin araşdırmalardan onların zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vurduqları sübuta yetirilib. Oğurlanmış mal-qaranın müəyyən qismi sahiblərinə qaytarılıb.

 

Lənkəran Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv