Qəbələdə Avstriya orkestrinin və İspaniya ansamblının konserti olub
Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, proqrama uyğun olaraq Avstriyanın “Vayner Akademiya” Kamera Orkestrinin konserti olub.
Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan konsert böyük tamaşaçı marağına səbəb olub. Konsertdə məlumat verilib ki, orkestr 1985-ci ildə Martin Heselbökun rəhbərliyi ilə yaradılıb. Orkestrin repertuarı çox geniş və rəngarəngdir. “Vayner Akademiya” Kamera Orkestri Jun-Tokusen və Due Disque Beynəlxalq Qran-Pri mükafatlarını qazanıb. Dünya şöhrətli dirijor Martin Heselbökun rəhbərlik etdiyi konsertdə Avstriya və İtaliya bəstəkarlarının əsərləri səsləndirilib.
Sonra isə açıq havada quraşdırılan səhnədə İspaniyanın “Kastro Romero Flamenko” Ansamblının möhtəşəm konserti olub. Tanınmış xoreoqraf Kastro Romeronun rəhbərliyi ilə yaradılan ansambl tamaşaçılar qarşısında flamenqo sənətini və yüksək keyfiyyətə malik teatr tamaşalarını təqdim edib.
Maraqlı performanslarını tamaşaçılara təqdim edən ispan rəqqasların möhtəşəm ifası böyük marağa səbəb olub. Qəbələ səhnəsində qaraçıların çılğınlığı ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozu nümayiş olunub. Yüksək ifa tərzi ilə dünyada tanınan “Kastro Romero Flamenko” Ansamblı konsertdə yerli və xarici tamaşaçıların rəğbətini qazanıb və alqışlanıb.