Lənkəran sakininin torpaq sahəsində çətənə kolları aşkarlandı
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, tədbir nəticəsində rayonun Moğonojba kənd sakini, 1981-ci il təvəllüdlü Sultan Hüseyn oğlu Həsənova məxsus payı bəlli torpaq sahəsində kultivasiya yolu ilə əkilmiş və aqrotexniki qaydada qulluq edilmiş 11 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkarlanıb.
Müstəntiq Toğrul Hüseynov bildirib ki, aşkar edilən narkotik tərkibli bitki polis əməkdaşları tərəfindən yığılaraq maddi sübut kimi götürülüb: "Sultan Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib".
Sultan Həsənov istintaqa ifadəsində narkotik tərkibli bitkini şəxsi istifadəsi məqsədilə becərdiyini bildirib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.