Abşeronda iki küçə təmir olunub
Abşeron rayonunun Hökməli-Qobu-Güzdək avtomobil yolunun bir hissəsi və Masazır qəsəbəsinin iki küçəsi “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə təmir olunub.
APA TV-nin xəbərinə görə, Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı 11 km uzunluğunda və 9.5 metr enində olan Hökməli-Qobu-Güzdək avtomobil yolunun 1.5 km-lik hissəsi əsaslı şəkildə təmir olunub.
Yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətirilib və 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə 15 min kv. m-ə yaxın sahə asfaltlanıb.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Abşeron rayonunda aparılan kompleks tədbirlər çərçivəsində Masazır qəsəbəsinin bir neçə küçəsində təmir işləri aparılıb.
Təmir işləri ilkin olaraq qəsəbənin Heydər Əliyev və Zərifə Əliyeva küçələrində aparılıb. Müvafiq olaraq küçələrin uzunluqları 1200 və 1280 metrdir.
Aparılan işlər çərçivəsində zəruri yerlərdə yol yatağı kipləşdirilib və asfalt-beton örtüyünün döşənməsi üçün yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilib. Daha sonra Heydər Əliyev küçəsinin 5400 kv. m, Zərifə Əliyeva küçəsinin isə 7500 kv. m sahəsinə yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa, küçələrdə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri olan yerlərdə piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilər 1-1.5 metr enində tikilib, kənarlarına səki daşları düzülərək asfaltlanıb.
Bütün işlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.