Vladimir Jirinovski: “Tüpürüm Ermənistana...”

“Tüpürüm Ermənistana”. APA TV-nin məlumatına görə, bu fikirləri Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Life” telekanalına müsahibəsində deyib.

 

Aparıcı Vladimir Jirinovskidən Ermənistanda baş verən son hadisələrə münasibətini soruşub. Onun isə cavabı qısa olub: “Tüpürüm Ermənistana”.

 

“İnsanlar üçün Ermənistan nədir? Orada vaxtaşırı çıxışlar olacaq. Kiçik, dağlıq ölkədir, dağlar, Azərbaycan və Türkiyə ilə əhatələnib. Heç bir perspektivi, iqtisadiyyatı yoxdur. Orada 1 milyon erməni qalıb. Bütün dünyada isə 6 milyon erməni var. Hamısı qaçıb. Livan, İran, Rusiya, Fransa, Birləşmiş Ştatlar - bütün dünyanı gəzirlər. Orada yaşamağa yer yoxdur - dağlardır”.

 

Aparıcı Ermənistanın Rusiya ilə strateji tərəfdaş olduğunu, Ermənistan ərazisində Rusiya hərbi bazasının olduğunu xatırlatsa da, Vladimir Jirinovski fikrini dəyişməyib.

 

“Onlar bizə tüpürsələr, bazamızı çıxararıq. Bazanı qaytarmağımız üçüm ayağımızda sürünəcəklər. Bu baza onların xilasıdır. Yoxsa türklər və azərbaycanlılar onları iki tərəfdən silərlər. Ona görə də Ermənistandan narahat olmağa dəyməz. Onlar heç vaxt bizdən imtina etməzlər. Çünki bu, onların sonu olar”.

 

Partiya lideri Türkiyə barədə də danışıb və bildirib ki, Rusiyaya Türkiyə kimi müttəfiq lazımdır.

 

Müəllif | Apa.Tv
Apa.tv