22 illik həbsxana həyatından sonra 50 illik yubileyini yenə təcridxanada keçirəcək

Xırdalanda keçmiş məhkum 50 illik yubileyinə iki gün qalmış yenidən tutulub. APA TV-nin məlumatına görə, Abşeron Rayon Polis idarəsinə ərizə ilə müraciət edən vətəndaş Ruslan Mehdiyev Xırdalan şəhərində ona məxsus evdən oğurluq edildiyi  barədə məlumat verib. Fərdi yaşayış evinə baxış keçirən polis əməkdaşları oradan vətəndaşa məxsus 4000 manat dəyərində olan qızıl-zinət əşyalarının oğurlandığını müəyyən ediblər.

 

Abşeron rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Oqtay Ağabalayev saxlanılıb. İdarəyə gətirilərək dindirilən şəxs törətdiyi əməli etiraf edib. Məlum olub ki, Oqtay Ağabalayev 49 illik ömrünün 22 ilini həbsdə keçirib: “5 dəfə məhkum olunmuşam. Ölüm də var, “razboy” da var, bıçaqlama da var, dava da var. Bir dəfə də telefon oğurluğuna görə məhkum olunmuşam. İki il idi ki, azadlıqda idim”.

 

İki gündən sonra 50 yaşını qeyd etməyə hazırlaşdığını deyən Oqtayı yenidən həbsxana həyatı gözləyir. Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv