İlkər Başbuğ: "Silahlı çevriliş cəhdinin arxasında üç qrup var"
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı İlkər Başbuğ 15 iyul hadisələrinə dair önəmli açıqlamalar verib. APA TV-nin məlumatına görə, Başbuğ baş verənlərin hərbi çevriliş cəhdi adlandırılmasının düzgün saymadığını deyib:
"15 iyul cəhdini bir hərbi çevriliş olaraq dəyərləndirmirəm. Digər hərbi çevrilişlərə bənzəmir. Hərbi çevriliş olaraq baxılmasını da doğru hesab etmirəm. Bu, Gülən camaatının silahlı çevriliş hərəkatıdır".
İlkər Başbuğun sözlərinə görə, silahlı çevriliş cəhdinin arxasında üç qrup var: "15 iyul cəhdini planlayan, idarə edən, quran əsas qüvvə Gülən Camaatıdır. İkinci qüvvə böyük ehtimalla vaxtında gözlənilən reaksiyanı verməyən, hərəkətə keçməkdə tərəddüd edən, gecikənlərdir. Bunlar camaat üzvüdürmü? Yox. Amma işin içində belə bir qrup da var. Üçüncü qrup isə Gülən camaatından olmasa da, baş verənləri fürsət bilib bundan istifadə etmək istəyən insanlardır".
Fətullahçıların orduya sızmasında Milli İstihbarat Təşkilatının (MİT) cavabdeh olduğunu deyən İlkər Başbuğ, bir vaxtlar MİT-in camaatçılarla dolu olduğunu qeyd edib. "2002-2010-cu illərdə Türkiyə Sİlahlı Qüvvələrindən xaric edilənlərin hamısı MİT-in hazırladığı məruzələrə görə həyata keçirildi və ordudan xaric edilən şəxslər arasında bir FETÖ-çu belə yox idi. Xaric olunanlar nurçuların digər qolu olan Mehmet Kurdoğlu qrupundan idi. Gülən camaatı rəqib cərəyandan olanları ordudan uzaqlaşdırmaqda bizdən istifadə ediblər".
Qeyd edək ki, İlkər Başbuğ Fətullah Terror Təşkilatına bağlı hakim və prokurorların başladığı "Ergenekon" cinayət işinə görə həbs edilib. 2013-cü ildə ömürlük həbs cəzasına məhkum edilən İlkər Başbuğ 7 mart 2014-cü ildə məhkəmə qərarı ilə azadlığa buraxılıb. Məhkəmə həmçinin "Ergenekon" işi ilə bağlı irəli sürülən bütün dəlil və iddiaların saxta olduğuna qərar verib.