Qəbələdə möhtəşəm "Muğam axşamı" konserti olub
Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir. APA TV-nin yerli bürosunun xəbərinə görə, 12 ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünya şöhrətli musiqiçilərlə yanaşı gənc ifaçılar da səhnəyə çıxırlar. Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi bir musiqi bayramı kimi dünyada tanınan Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq milli musiqimiz olan muğama da geniş yer verilir.
Yerli və xarici musiqisevərlər festivalın proqramına uyğun olaraq avqustun 1-də açıq havada keçirilən muğam axşamına xüsusi önəm veriblər. Hamının səbirsizliklə gözlədiyi konsertə böyük tamaşaçı axını olduğu üçün Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnənin önünə əlavə oturacaqlar yerləşdirilib.
Konsertdə Heydər Əliyev Fondunun təşkil etdiyi II Televiziya Muğam Müsabiqəsinin qalibi, bir çox ölkələrdə keçirilən konsertlərdə Azərbaycan muğamını təbliğ edən xanəndə Güllü Muradovanın, I Respublika Muğam Müsabiqəsinin diplomantı, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti xanəndə İlkin Əhmədovun çıxışı böyük marağa səbəb olub.
Gənc və istedadlı muğam ifaçılarını tarda əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, Prezident mükafatçısı Sahib Paşazadə, kamançada əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının müəllimi Toğrul Əsədullayev, qanunda Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılov, balabanda Fəqan Ələsgərov, udda Şəfa Kərimov müşayiət edib.
İstedadlı xanəndələr Azərbaycanın xalq mahnılarını, muğamları və təsnifləri məharətlə ifa ediblər. Ümumilikdə 2000-ə yaxın tamaşaçının iştirakı ilə iki saat davam edən konsert alqışlarla başa çatıb.