"Ehtiyac" üzündən "ağır işə" gedənlər - AKKUMULYATOR OĞRULARI

Lənkəranda akkumulyator oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb. Bu barədə APA TV-nin Cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis kapitanı Pərviz Əsədzadə məlumat verib. Onun sözlərinə görə, polis şöbəsinə yük maşınlarından akkumulyatorun naməlum şəxslər tərəfindən oğurlanaraq aparıldığı barədə məlumatlar daxil olub.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yük maşınlarından oğurluqda şübhəli bilinən rayonun Yuxarı Nüvədi kənd sakinləri, 1993-cü il təvəllüdlü Məqsəd Seyidmurad oğlu Beyçayev və 1994-cü il təvəllüdlü Elmin Sulduz oğlu Mustafayev isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

 

Araşdırmalar zamanı saxlanılan şəxslərin qısa müddət ərzində müəssisələrə və ayrı-ayrı fiziki şəxslərə məxsus yük maşınlarından akkumulyatorları oğurlamaqla, həmin nəqliyyat vasitələrinin sahiblərinə ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurduqları məlum olub.

 

İstintaqa verdikləri ifadələrində saxlanılan şəxslər oğurluğa ehtiyac üzündən getdiklərini, əməllərindən peşmançılıq hissi keçirdiklərini bildiriblər.

 

M.Beyçayev və E.Mustafayev barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də  Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2  maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv