İmişlidə baş verən zəlzələnin əsas səbəbi açıqlanıb

“Zəlzələ öz təsnifatına görə güclü zəlzələdir. Sadəcə olaraq, fəsadların az olmasına səbəb prosesin 27,8 km dərində baş verməsidir. Zəlzələnin uzaq məsafədə olan rayonlarda da hiss olunmasının səbəbi də budur. Zəlzələ nə qədər dərində baş verirsə, hiss edilmə arealı daha böyük olur. Episentrdə isə dağıntılar, fəsadlar bir o qədər də çox olmur”.

 

Bu fikirləri İmişli rayonu ərazisində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O, əlavə edib ki, güclü zəlzələyə səbəb Kür uzununa və  Qəbələ-İmişli dərinlik qırılması olub. Zəlzələdən sonra 6-7 afterşok qeydə alınıb. İlk iki təkan nisbətən, hiss olunub, digərləri isə hiss olunmayıb.

 

Qurban Yetirmişli bildirib ki, seysmik stansiyaların sayının artırılması planlaşdırılır. Bu şəbəkənin sıx olması yer daxilində gedən prosesləri itirilmədən izləməyə imkan verir. Bu gün 35 online rejimdə işləyən stansiya var. Abşeronda isə 7 gözləmə rejimində olan stansiya var: “Planımızda Azərbaycanın quru ərazisində 40, Xəzər dənizinin Azərbaycan sektorunda isə 10 stansiya quraşdırmaq var”.

 

Qurban Yetirmişli 2016-cı ilin avqust ayına qədər ölkədə 4849 yeraltı təkan qeydə alındığını deyib. Hiss olunan zəlzələlərin sayı isə 10 olub. Maqnitudası 3 və daha çox olan zəlzələlərin sayı isə 57-yə çatıb.

 

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru bu ilin 7 ayı ərzində seysmik cəhətdən ən aktiv zonaların adlarını da açıqlayıb. Bunlar Şamaxı, İsmayıllı bölgələri və Xəzər dənizidir. 

Müəllif | Apa.Tv
Apa.tv