Bacısı oğlunun evindən külli miqdarda qızıl oğurlayan dayı
Gəncədə öz bacısı oğlunun evindən oğurluq edən şəxs saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin Qərb bürosuna verilən məlumata görə, şəhər sakini Pərviz Məhərrəmov idarəyə müraciət edərək bildirib ki, evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər onun evinin pəncərəni qıraraq içəri daxil olub və mənzildən külli miqdarda qızıl-zinət əşyaları aparıblar. Gəncə şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin dayısı, 1958-ci il təvəllüdlü Əbülfət Məmmədov saxlanılıb. O, bacısı oğlunun evini yardığını boynuna alıb. Aparılan tədbirlər nəticəsində Əbülfət Məmmədovun oğurladığı qızıl-zinət əşyaları Cavad xan qəsəbəsindəki evin müxtəlif yerlərində aşkarlanıb. Həmin qızıl-zinət əşyaları götürülərək zərərçəkənə qaytarılıb. Məlumata görə, Əbülfət Məmmədov Rusiyada quldurluq cinayəti törətdiyinə görə 10 il məhkumluq həyatı yaşayıb.
Hazırda Əbülfət Məmmədovun digər cinayətlərdə iştirakının olub-olmaması yoxlanılır.