Restoranda dava saldılar, tanışlarını döyüb pulunu aldılar

Binəqədi polisi rayon ərazisində soyğunçuluqla məşğul olan şəxsləri saxlayıb. APA TV-nin məlumatına görə, Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş qarət edildiyi barədə məlumat verib. Polisin keçirdiyi əməliyyat nəticəsində soyğunçuluqda şübhəli bilinən 3 nəfər saxlanılıb. İdarəyə gətirilən Məhərrəm Məhərrəmov, onun qaynı Miqdar Məmmədov və tanışları Orxan Atayev törətdikləri əməli etiraf ediblər.

 

Dindirilmə zamanı məlum olub ki, Məhərrəm, qaynı Miqdar və onların tanışları taksi fəaliyyəti ilə məşğul olan Orxandan onları gecə klubuna aparmağını xahiş ediblər. Yeyib-içəcəkləri təqdirdə hesabı özlərinin ödəyəcəkləri deyən müştərilər gecə klubunun bağlı olduğunu görüb Orxandan onları yaxınlıqdakı restorana aparmağını tələb edib.

 

Restoranda hesabın gözlədikləri kimi gəlmədiyini görəndə isə, tərəflər arasında mübahisə düşüb. Mübahisə əlbəyaxa davaya çevrilib. Davaya taksi pulunun ala bilməyən Orxan da qoşulub. Məhərrəm və qaynı Miqdar tanışlarını döyərək ondan 100 manat pul alıblar. Polisə müraciət edən zərərçəkən isə ərizəsində bildirib ki, restoranda hesab 100 manat etsə də, Məhərrəm və qaynı Miqdar onun 750 manatını götürərək qaytarmayıblar.

 

Taksi sürücüsü Orxan Atayev hadisənin təfərrüatını belə danışıb: "Miqdar pulu alıb yeznəsi Məhərrəmə verdi. Evə çatanda nə qədər pul götürdüklərini soruşdum. Dedilər ki, 100 manat götürmüşük. Taksi pulu üçün də mənə cəmisi 10 manat verdilər".

 

Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsində hər üç şəxs barəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv