Binəli Yıldırım: "Hakan Fidan çevrilişdən öncə toplantı keçirib"
Türkiyənin baş naziri Binəli Yıldırım dövlət çevrilişinə cəhd olacağını mühafizəçilərindən öyrəndiyini açıqlayıb. APA TV-nin məlumatına görə, baş nazir qeyd edib ki, çevrilişə cəhddən xəbər tutan Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Silahlı Qüvvələr Baş Qərargahını rəisi Hulusi Akar və ordu komandanları ilə birgə toplantı keçirib və məsələni müzakirə ediblər. Amma bu barədə nə prezident Rəcəb Tayyib Ərdoğana, nə baş nazirə məlumat verilməyib.
"Mən bunun səbəbini MİT rəhbərindən soruşdum, necə olur ki, mənə məlumat verməmisən? Necə ola bilər ki, çevriliş hazırlığı olur, baş nazirin, prezidentin isə xəbəri yoxdur. Qərargah rəisinin məlumatı ola bilər, amma siz baş nazirə bağlı qurumsunuz. Bunun cavabını verə bilmədi. Bizim üçün işlərin vacibliyi var. Böyük bir fəlakətin kənarından döndük. Bunları həll etdikdən sonra, biz nəyi yanlış etdik deyə, bu məsələləri araşdıracağıq. Öz içimizdə zəifləsək, böyük səhv olar. Böyük fəlakətdən dərhal sonra "sən vəzifəni yerinə yetirdin, sən yetirmədin" kimi bir münaqişə o böhranın doğurdu problemləri həll etməyə kömək etməz. Əksinə, başqa böhranla üz-üzə gələ bilərsiniz".
Binəli Yıldırım FETÖ ilə əlaqələri olanların ortaya çıxarılması ilə məşğul olduqlarını bildirib. O, silahlı çevriliş cəhdinə təkcə hökumət içindən deyil, biznes strukturundan, universitetlərdən də dolayı dəstək verənlərin olduğunu deyib.