Qəbələdə Kubanın “Jovenes Clasikos Del Son” ansamblının konserti olub
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir. APA TV-nin yerli bürosunun xəbərinə görə, avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq hava səhnəsində Kubanın “Jovenes Clasikos Del Son” Ansamblının konserti olub. 1904-cü ildən fəaliyyət göstərən bu ansambl ənənəvi septet instrumental quruluşdadır. Akustik bas, tres, gitara, trampet, konqo, bonqolar və vokalistlərdən ibarət ansambl Kuba musiqisinin yeni qüvvəsi kimi təqdim edilir. Kubalı solistlər ənənəvi və müasir dünya musiqisindən bəhrələnərək zəngin salsa, son və digər Latın ritmlərini birləşdiriblər. Ansamblın çıxışı festival iştirakçılarına xoş anlar yaşadıb.
Festivalın proqramına uyğun olaraq avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzindəki kamera zalında Azərbaycanın Avstriyadakı səfiri olmuş və 2011-ci ildə dünyasını dəyişən Fuad İsmayılovun xatirəsinə həsr edilmiş konsert təşkil olunub. Y. Haydn adına konservatoriyanın və Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetinin tələbəsi, pianoçu Müşfiq Quliyev xatirə konsertində Avropa bəstəkarlarının əsərlərini səsləndirib.
Bir çox beynəlxalq müsabiqələrin laureatı olan istedadlı gənc pianoçu Müşfiq Quliyev 2013-cü ildə mərhum səfir Fuad İsmayılovun xatirəsinə yaradılan “Gələcəyə doğru” Xeyriyyə Fondunun təqaüdçüsü seçilib. O, bu fondun dəstəyi ilə Avstriyanın Y.Haydn adına Konservatoriyana daxil olub.
Qeyd edək ki, festival çərçivəsində avqustun 2-dən başlayaraq Qəbələdə həm də Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi keçirilir. Avqustun 5-dək davam edəcək müsabiqə iki turdan ibarətdir. I, II və III yerə çıxan pianoçular müvafiq olaraq 5000, 3000 və 2000 ABŞ dolları ilə mükafatlandırılacaq.