Qoşunların təmas xəttində monitorinq keçirilir
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Ağdam rayonunun Orta Qərvənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilir. Monitorinqi keçirmək üçün cəbhə rayonuna gələn ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Xristo Xristov əvvəlcə Ağdam rayon icra hakimiyyətinə gələrək icra hakimiyyətinin müavini Zülfü Qasımovla görüşüblər. Zülfü Qasımov ATƏT nümayəndələrinə cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat verib. O bildirib ki, ermənilər 19 maydan bu günə cəbhəyanı yaşayış məntəqələrini 116 dəfə atəşə tutublar.
ATƏT nümayəndələri icra rəsmiləri ilə görüşdən sonra Müdafiə Nazirliyinin yüksək çinli hərbçilərinin nəzarəti altında qoşunların təmas xəttində müşahidə aparmaq üçün cəbhə xəttinə yollanıblar.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçirir.