Prezident Çinin yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanın etimadnaməsini qəbul edib.
APA TV-nin məlumatına görə, səfir Vey Cinhua fəxri qarovul dəstəsinin qarşısından keçib.
Vey Cinhua etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Səfir Vey Cinhua Çin Xalq Respublikasının sədri Si Cinpinin onun Azərbaycana səfir təyin edilməsi ilə bağlı etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf duyduğunu deyib.
O, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Dövlət başçısı Çinə ötənilki dövlət səfərini və səfər zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşünü məmnunluqla xatırladığını deyib. Prezident İlham Əliyev səfər zamanı aparılan müzakirələrin, qəbul edilən qərarların və eləcə də Azərbaycan-Çin əlaqələrinin müxtəlif sahələrini əhatə edən çoxlu sayda sənədlərin imzalanmasının ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini qeyd edib. Bu səfər zamanı qəbul edilən qərarların həyata keçirilməsini vurğulayan dövlətimizin başçısı xüsusilə Yeni İpək Yolu layihəsinin uğurla reallaşdırılmasından məmnunluğunu ifadə etdi. Dövlət başçısı artıq Azərbaycan vasitəsilə Çindən Avropa bazarlarına ilk test daşımalarının həyata keçirildiyini qeyd edərək ölkələrimiz arasında bütün başqa istiqamətlərdə də əlaqələrimizin inkişafı üçün böyük qarşılıqlı marağın olduğunu deyib.
Səfir regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayaraq, Çin Xalq Respublikasının ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.
Görüşdə ölkələrimizin radikalizm, ekstremizm və terrorizmə qarşı mübarizədə səylərinin birləşdirilməsinin vacibliyi qeyd olunub.
Dövlət başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş edib.