"Qışqırdım, dedilər ki, uşaq öldü" - KÜRDƏMİRDƏ AĞIR QƏZA
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Babək prospektində qeydə alınıb. Kürdəmir rayon sakini Elşən Telman oğlu Əsgərov idarə etdiyi "VAZ-2109" markalı minik maşını ilə yolu keçən piyadalar - Kürdəmir rayon sakini, 1966-cı il təvəllüdlü Aidə Ağasəlim qızı Sadıqova və onun nəvəsi, 2013-cü il təvəllüdlü Ramil Əli oğlu Sadıqovu vurub. Nəticədə azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb, A. Sadıqova isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Aidə Sadıqova hadisənin bir göz qırpımında olduğunu deyib: “Bir göz qırpımında oldu. Aptekdən gəlirdim, gördüm ki, meyvə mağazasının yanından maşın gəlir. Gözlədim ki, keçsin. Uşaqla qoşa xəttin ortasında durmuşdum. Hamı da orada idi. Uşaq sağ tərəfimdə dayanmışdı. Uşağı digər yanıma keçirəndə bir də gördüm uşağı nə isə apardı. O maşını görmədim. Özüm də bulağın yanına düşmüşəm. Qışqırdım. Dedilər ki, "öldü”.
Xəstəxananın travmatoloqu Mehman Məmmədov yaralı piyadanın durumunun kafi olduğunu deyib: “Dünən axşam çağlarında avtomobil qəzası nəticəsində 2 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsinə müraciət edib. Onlardan biri, uşaq hadisə yerindəcə ölüb. Digəri isə hal-hazırda stasionarda yerləşdirilib. Vəziyyəti kafi dərəcədədir”.
Faktla bağlı araşdırma aparılır.