Havanı korlayırsan, 50 manat cərimə! - REYD
"Təmiz hava" aylığı çərçivəsində Samux rayon Dövlət Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları rayonun müxtəlif ərazilərində, o cümlədən, daha intensiv hərəkətli Gəncə-Çobanabdallı yolunda reydlər keçiriblər. Bölmənin əməkdaşları tərəfindən saxlanılan hər bir nəqliyyat vasitəsinin sahibinə reydlə bağlı məlumat verilib, avtomobillər dəm qazının miqdarını ölçən aparatla yoxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saməddin Qurbanov bildirib ki, avqustun 1-dən etibarən ölkə üzrə "Təmiz hava aylığı" adı altında reyd keçirilir: "Onunla bağlı reydəyik. Hal-hazırda 24 maşın saxlamışıq. 24 maşından 16-da dəm qazının miqdarı normaya uyğundur, 8 maşına isə cərimə tətbiq olunub. 3,5 göstəricisi olduğuna görə Dövlət Yol Polisi tərəfindən cərimələr yazılır. Hal-hazırda reydimiz davam edir.
Bir neçə saat davam edən reyd zamanı göstəriciləri normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələnib.
Samux rayon DYP bölməsinin inzibati təcrübə üzrə baş inspektoru Azər Mehdiyev reydlər zamanı nasaz avtomobillərin aşkarlandığını deyib. "Samux rayonu ərazisində də reydlər keçirilir. Nasaz avtomobillər aşkar olunur. Təxminən 40-a yaxın avtomobil yoxlanılıb. Onlarda nasaz olan 15 avtomobilə inzibati protokol tərtib edildi. Sürücülərə izah olundu ki, avtomobillərdə olan nasazlıqlar qısa müddət ərzində aradan qaldırılmalıdır. Reydin məqsədi nasaz avtomobilləri aşkar etmək və həmin sürücülərə inzibati protokollar tərtib edib məsuliyyətə cəlb etməkdir".
Polisin apardığı yoxlamalar zamanı bəzi sürücülər onlara yazılan cərimə ilə razılaşmayıblar.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, mühərriki nasaz olan və havaya atılan dəm qazının miqdarı normadan çox olan nəqliyyat vasitələrinin sürücüləri 50 manat cərimə olunur.
Bu ayın sonuna kimi davam edəcək reydlər rayonun kənd və qəsəbələrinə gedən yollarda da davam edəcək.