Qəbələdə Ukraynanın “Kiyev virtuozları” orkestrinin konserti olub
Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində yerli və tamaşaçılar daha bir dünya şöhrətli orkestrin konsertlərini izləmək imkanı əldə ediblər. APA TV-nin yerli bürosunun xəbərinə görə, avqustun 3-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan Ukraynanın “Kiyev virtuozları” kamera orkestrinin konserti böyük marağa səbəb olub.
Musiqi festivalının bədii rəhbəri, “Kiyev virtuozları” kamera orkestrinin musiqi rəhbəri, Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçirilən konsertdə orkestri pianoda Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə və Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri, San-Fransisko Beynəlxalq İncəsənət Akademiyasının və Moskva Humanitar Elmlər Akademiyasını akademiki, dünya şöhrətli pianoçu Oksana Yablonskaya, trubada Ukrayna Milli Filarmoniyasının Akademik Simfonik Orkestrinin truba qrupunun (nəfəs alətləri) konsertmeysteri Sergey Çerevatenko müşayiət edib.
Konsertdə Avropa bəstəkarları Y.Haydn və D.Şostakoviçin əsərləri səsləndirilib.
Daha sonra Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ukraynanın “Kiyev virtuozları” simfonik orkestrinin konserti olub. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı açıq səhnədə keçirilən konsertdə bəstəkar İohann Bramsın əsərləri səsləndirilib. Bolqarıstanlı Emil Tabakovun dirijorluğu ilə keçən konsertdə violonçeldə “Kiyev virtuozları” kamera orkestrinin musiqi rəhbəri Dmitri Yablonski, violində İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri Janna Qandelman ifa edib.