FETÖ üzvü olmaqda ittiham olunan nazirlər - Arınc, Çelik, Kılıc, Ergün...
Türkiyə hökumətinin sabiq üzvlərindən Bülənd Arınc, Hüseyn Çelik, Suat Kılıç və Sadullah Ergün haqqında Fəthullah Terror Təşkilatına (FETÖ) rəhbərlik etmək ittihamı irəli sürülüb. APA TV-nin məlumatına görə, İstanbul Vəkillər Kollegiyasının üzvü Burak Bəkiroğlu dörd sabiq nazirin FETÖ ilə birlikdə silahlı çevrilişə zəmin hazırlamaq üçün təşkilat üzvlərini dövlət qurumlarında yüksək vəzifələrə təyin etməkdə ittiham edib. Vəkil İstanbul polis idarəsi və parlamentin təhqiqat komissiyası tərəfindən sabiq nazirlər haqqında araşdırılma aparılmasını, onların ölkədən çıxmasına qadağa qoyulmasını tələb edib. Prokurorluq "bu şəxslərin 15 iyul hadisələrində iştirakı araşdırılmalıdır" yazılmış iddia ərizəsini qəbul edərək müvafiq prosedurlara başlayıb.
İddia ərizəsində sabiq təhsil naziri Hüseyn Çelikin 8-ci sinifdə keçirilən imtahanların əvvəlki siniflərdə də keçirilməsinə göstəriş verərək, bununla da şagirdlərin daha üç il məcburən hazırlıq kurslarına getməsini təmin etdiyi bildirilir. "Ergenekon", "Balyoz", "Hərbi Casusluq" cinayət işlərinin təhqiqatı dönəmində ölkənin ədliyyə naziri olan Sadullah Ergünün prezidentin zənnini yanıldan əsas isim olduğu qeyd olunur. Ərizədə həmçinin FETÖ-nün idman sektorunda möhkəmlənməsi və burada idarəçilik strukturlarını ələ keçirməsində sabiq idman naziri Suat Kılıcın rol oynaya biləcəyinə işarə vurulur. Bundan başqa Suat Kılıcın açıqlamaları onun FETÖ terror təşkilatına hələ də gizli dəstək verməsi kimi dəyərləndirilib.