Yük maşınının altında can verdilər - DƏHŞƏTLİ QƏZADA İKİ ÖLÜ

Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə  bu gün saat 10.00 radələrində Ələt-Astara magistralının 199-cu kilometrliyində, yolun Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Lerik rayonunun Bobogil kənd sakini, 29  yaşlı Bəndiyev Rasif Arif oğlunun idarə etdiyi "VAZ - 2107" markalı, 90-RC-124 dövlət nömrə nişanlı minik avtomobili ilə Lənkəran sakini, 34 yaşlı Dadaşov Seymur Nizami oğlunun idarə etdiyi “İVECO Trakker” markalı, H 013-406 dövlət nömrə nişanlı  yük maşını toqquşub.  Güclü zərbə nəticəsində minik avtomaşının sürücüsü və sərnişini, 30 yaşlı İbadov Famil Babarəhim oğlu hadisə  yerindəcə dünyasının dəyişib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Cənub Regional  Mərkəzinin (FHN) xilasediciləri deformasiyaya uğramış avtomobilin içərisindən xüsusi alətlərin köməyi ilə meyitləri çıxarıblar. Daha sonra meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.

Qəzanın baş vermə səbəbi keçiriləcək avtoekspertizanın rəyindən sonra məlum olacaq. 

 

Müəllif | Apa.Tv
Apa.tv