ABŞ-Türkiyə gərginliyində yeni mərhələ: Con Kerri Türkiyəyə gəlir
ABŞ-ın dövlət katibi Con Kerri avqustun sonlarında Türkiyəyə gələcək. APA TV-nin məlumatına görə, Con Kerrinin prezident Rəcəb Tayyip Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşü planlaşdırılır. Səfərin tarixi dəqiq məlum deyil. Bundan başqa Kerrinin Türkiyəyə prezident Ərdoğanın Rusiya səfərindən əvvəl, yoxsa sonra gələcəyi də açıqlanmır. Kerrinin görüşlərdə ölkəsinin Türkiyəyə həssaslıqla yanaşdığını bəyan edəcəyi, Ankaranın isə bir daha Fətullah Gülənin təhvili tələbini təkrarlayacağı gözlənilir. ABŞ dövlət katibinə 15 iyuldan əvvəl və sonra baş verən proseslər bir daha xatırladılacaq.
Xatırladaq ki, Ankara analoji tələbi bundan əvvəl Türkiyədə səfərdə olan ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəisinə də bildirmişdi. Digər tərəfdən Xarici İşlər və Ədliyyə nazirlikləri 15 iyula dair təhqiqat materiallarını hazırlamaqda davam edir. Dəlillərdən ibarət materiallar hazır olan kimi hər iki nazirliyin rəhbər heyəti ABŞ-a səfər edəcəklər.