Ərdoğan: "Millətimdən üzr istəyirəm"
"Sosial mediada 14 avqustu gözləyin deyirlər. Yaşananlardan dərs almayanlar milləti hələ təhdid etməyə çalışırlar. Biz namərd deyilik, mərdik, mərd". APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamları ilə görüşdə səsləndirib.
"Millətimiz onların boylarının ölçüsünü ölçdü. Ölçdük, boyları nə qədərdir. Artıq nə etsələr, nə desələr boş şeydir. Biz tədbirlərimizi görməyə mütləq davam edəcəyik".
Türkiyə prezidenti olanlara görə millətdən üzr istədiyini bildirib: "Bu təşkilatın bir də iş dünyasında ayağı var. Bəlkə də ən güclü olduqları yer oradır. Bunların iş dünyasındakı bütün qaynaqlarını kəsməkdə qərarlıyıq. Heç kəsin gözünün yaşına baxmağa halımız yoxdur. Rəbbimdən əfv, millətimdən üzr diləyirəm. Çünki burada səhv etmişik. Hadisəyə biz təbii ki səmimiyyətlə baxdıq, amma nə yazıq ki, qarşımızdakılardan bunu görmədik. Bundan sonra biz bu addımları atmasaq şəhidlərimizə, qazilərimizə, millətimizə hesab verə bilmərik. FETÖ-yə verilən hər qəpik millətə sıxılmaq üçün silaha qoyulan mərmidir. O silahı maliyyələşdirəni əsla bağışlamayacağıq".