Arvadını, baldızını və qayınanasını balta ilə öldürmək istədi - TƏRTƏRDƏ DƏHŞƏTLİ CİNAYƏT

Tərtər sakini arvadını, baldızını və qayınanasını balta zərbələri ilə öldürməyə çalışıb. APA TV-nin məlumatına görə, qonşuların köməkliyi ilə saxlanan 28 yaşlı Tofiq Məmmədov polisə təhvil verilib. Hadisə Tərtər  şəhər Babək küçəsində qeydə alınıb.  37 yaşlı  Məhsəti Səmədova  açıqlamasında bildirib ki, 3 yaşlı qızını qonşular gizlətməsə, əri onu öldürəcəkmiş.

 

Hazırda  Məhsəti  Səmədova anası, 1948-ci il təvəllüdlü Səfurə Quliyeva ilə birlikdə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məhsəti  Səmədova 5 il əvvəl ailə qurduğunu və bu müddət ərzində ailə daxili münaqişələrin günü-gündən artdığını və bu səbəbdən 2 övladını atalarının şiddətindən qorumaq üçün boşanmaq üçün məhkəməyə müraciət etdiyini deyib.

 

“Mənə demişdi ki, boşansan, səni öldürəcəyəm. Mən onun sözünə inanmamışdım. Axırıncı dəfə döyüb getdiyi 10 gün idi. Gəlib hasardan keçib girdi evə. Baltanı da gətirib qoydu yanına. Birdən durub mənə tərəf cumdu. Biz atamın həyətində ev tikdirmişik, səs-küyə anam, bacım gəldi. Baltanın arxası ilə başıma 3-4 dəfə vurdu. Araya bacım girdi, bacımı da vurdu. Biz anamla bacımı onun əlindən almaq istəyəndə balta ilə anamın başına vurmağa başladı. Bacım qaçdı çölə, qonşuları çağırdı. Qonşular onu tutdu saxladı, sonra polis gəldi”.

 

Zərərçəkənin bacısı Kəklik Səmədova hadisənin təfərrüatlarını danışıb: "Daş baltasının arxası ilə başıma vurdu. Sonra mən yıxılandan sonra bacımla anam girdi araya. Məni buraxdı, onlara tərəf cumdu. Mən qaçdım. Qaçanda bıçaqla düşdü dalımca. Küçədə mənə çatanda qonşular çatıb, məni qurtardı. Bıçağı atdı, bıçaq mənə dəymədi".

 

Səfurə Səmədova  yeznəsi Tofiq  Məmmədovun əvvəllər də dava-dalaş saldığını, amma bu qədər əsəbi olmadığını deyir.  Lakin adı çəkilən şəxs son günlər hər kəsi ölümlə təhdid edirmiş.

 

Qayınana Səfurə Səmədova belə hadisə ilə ilk dəfə üzləşdiyini deyir: "Heç belə hadisə olmamışdı. Balta götürüm, dəhrə götürüm, belə məsələsi yox idi. Dalaşırdılar, döyüşürdülər, girirdim araya, hərəsi çıxıb gedirdi bir yana, sonra gəlib xahiş edirdi ki, bizi barışdır".

 

Arvadını, qayınanasını, baldızını öldürməyə cəhd edən Tofiq  Məmmədovun qardaşı Göygöz Məmmədov APA TV-yə açıqlamasında bildirib ki, qardaşının psixoloji problemləri var.

 

“Hadisəni törədən mənim qardaşımdır. Onun başında pozğunluq vardı. Göndərdilər hospitala, hospitaldan da yazdılar evə. Düzü, biz də heç onu müalicə etdirə bilmədik”.

 

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv