Şəhidin ad gününə nişanlısı da qatıldı

Bu gün şəhid İsgəndərov Nicat Bəhruz oğlunun doğum günüdür. Aprelin 2-də qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşdə şəhid olan gizirimizin ad gününü doğmaları onun doğulub boya-başa çatdığı Tərtər şəhərindəki evdə qeyd ediblər. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilən Nicatı anmağa gələnlər arasında qohumları ilə birgə nişanlısı da olub. Süfrəyə qəhrəman hərbiçimizin ən çox sevdiyi yeməklər, şirniyyatlar düzülüb, onun yaşını özündə əks etdirən tort kəsilib.

 

Mərasim iştirakçıları Nicatın izi olan hər yeri, ondan yadigar qalan hər şeyi ziyarət ediblər. Hətta şəhid gizirin vaxtilə saxladığı göyərçinlər, bal arıları belə qiymətli bir varlıq kimi əziz tutulur.

Doğmaları şəhidin məzarını ziyarət edib, onun ruhuna dualar oxuyublar. Şəhidin atası Bəhruz İsgəndərov Vətənə xidmətin hər bir övlad üçün mənəvi borc olduğunu və şəhid oğlu ilə fəxr etdiyini bildirib.

 

Ruhu şad olsun!

 

Müəllif | Apa.Tv
Apa.tv