"Kaspşik atəşin istiqamətini belə müəyyənləşdirə bilmir" - ARAZ ƏZİMOV
“Hələlik Azərbaycanla Ermənistan arasında müzakirə aparılmır, sadəcə, ayrı-ayrı görüşlər keçirilir". Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimovun sözlərinə görə, müzakirə aparmaq üçün qarşı tərəf də hazırlıq səviyyəsini göstərməldir: "Bizim dəyərləndirməmizə görə, qarşı tərəfdə bu cür hazırlıq müşahidə edilmir. Görüşü keçirmək sadəcə görüş keçirmək üçün mənasızdır. Görüşün mahiyyətini təşkil edəcək məsələlərdə irəliləyiş üçün imkan müşahidə edilərsə, Azərbaycan belə görüşdən qaçmaz".
O, hələlik heç bir irəliləyişin olmadığını bildirdi. Nazir müavini ATƏT-in monitorinqi zamanı təmas xəttində baş verən insidentlə bağlı danışarkən atəşkəs pozuntusunun tez-tez müşahidə olunmasından və erməni tərəfinin bu cür provokasiyalar törətməsindən təəssüfləndiyini dedi.
Diplomat qeyd etdi ki, ATƏT-in fəaliyyətdə olan sədrinin və onun səhra köməkçilərinin fəaliyyət göstərdikləri 1997-ci ildən bəri onlardan situasiyanın dəqiq qiymətləndirməsini almaq mümkün olmayıb: "Hörmətli Kasprşik və onun səhra köməkçiləri mənə məlum olmayan hansısa səbəbdən atəşin istiqamətini və ümumiyyətlə, dəfələrlə üzləşdikləri situasiyanı müəyyənləşdirməkdə çətinlik çəkirlər. Yəqin cəzasızlığın nəticəsi olaraq belə hallar baş verir”.
Araz Əzimovun fikrincə, dəqiq qiymət verməkdən bu cür yayınmaq yalançı neytrallığın və qərəzsizliyin təzahürüdür.
Nazir müavini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 9 oktyabr seçkilərinə verdiyi qiymətdən sonra ATƏT-lə əməkdaşlığın gələcəyi barədə sualı da cavablandırdı: "ATƏT bütün üzv ölkələrin təşkilatı olmalıdır. Daxildə hansısa ayırıcı xətlər olmamalıdır. İkili standartlar əsasında yanaşmalara yol verilə bilməz və verilməməlidir".
Onun sözlərinə görə, bu cür təşkilat daxilində Azərbaycan öz fəaliyyətini davam etdirməyə hazır olacaq.