Qızılla fala baxan keçmiş məhbusun İNANILMAZ FIRILDAĞI

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında falçılıq yolu ilə vətəndaşları qarət edən şəxsi saxlayıblar. APA TV-nin məlumatına görə, vətəndaşların şikayəti əsasında əməliyyat keçirən bölmə əməkdaşları əslən Lənkəran rayonundan olan, 1975-ci il təvəllüdlü Səfərov Mikayıl Ağəli oğlunu qarət yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarını satarkən yaxalayıblar. Polis bölməsinə gətirilən Mikayıl Səfərov törətdiyi cinayəti etiraf edib. İlkin ifadəsi zamanı o bildirib ki, respublikanın bir çox rayonunda kirayə ev tapmaq adı ilə getdiyi evlərdə özünü falçı kimi təqdim edib və qızılla fala baxdığını deyib.

 

"Rayonları gəzib kirayə ev axtarırdım. Ev tapanda özümü falçı kimi təqdim edərək xidmətlərimi təklif edirdim. Razı olanlardan fala baxmaq üçün qızıl lazım olduğunu deyirdim. Qızılı boşqabda suyun içinə atıb üstünə ərinmiş şam tökürdüm. Sonra falına baxdıran şəxs harasa gedəndə tez şamı qoparıb içindəki qızılları götürürdüm. Sonra tapşırırdım ki, qızıl suda bir-iki gün qalmalıdır. Əl vurmayın, sonra açıb, qızıllarınızı götürərsiniz".

 

On nəfərə yaxın vətəndaşı bu yolla aldadıb qarət edən Mikayıl Səfərov iki dəfə oğurluğa görə üst-üstə 14 il məhkumluq həyatı yaşayıb, falçılığı isə məhbəsdə olarkən oxuduğu kitabdan öyrənib: "İki  dəfə oğurluğa görə məhkum olmuşam, üst-üstə 14 il həbsxana həyatı yaşamışam. Falçılığı birinci dəfə həbsxanaya düşəndə oxuduğum kitablardan öyrənmişəm".

 

Mikayıl Səfərovun cinayət əməlindən zərərçəkən Səkinə Quliyevanın sözlərinə görə, bu şəxs onlara özünü Anar adı ilə təqdim edib, ev axtardığını, falçı olduğunu deyib. Onun sözlərinə görə, azyaşlı xəstə nəvəsini sağaldacağını deyən falçı ona verilən qızılın az olduğunu bildirib. Buna görə Səkinə Quliyeva evdəki bütün qızılları Mikayıl Səfərova vermək məcburiyyətində qalıb: "Fala baxanda mən çölə çıxdım, bu vaxt sən demə qızılı götürüb cibinə qoyub. Gəlinimə dedi ki, vedrə gətir, kasanın suyunu tökəcəyəm. Daha sonra dedi ki, gəlin, sən bu yolla get, mən də o biri yolla. Mənə də dedi ki, suyu arxamca atarsan. Gəlinə də dedi ki, hər 100 metrdən bir sapı düyünlə at. Hadisədən iki gün sonra qızılların olmadığından xəbər tutduq. Dərhal polisə məlumat verdik".

 

Hazırda faktla bağlı araşdırma davam etdirilir. Gördüyünüz bu şəxsin cinayət əməlindən zərərçəkənlərdən xahiş olunur ki, 18-ci polis bölməsinin 012 490 88 26 telefon nömrəsinə zəng vuraraq məlumat versinlər.

Müəllif | Apa.Tv