40 min avro, 10 min dollar, 10 min manat: Bir evdən oğurlanan pul
Bakıda oğrular Türkiyə vətəndaşının evini yarıblar. APA TV-nin məlumatına görə, naməlum şəxslər Kaveroçkin küçəsində yerləşən evdən külli miqdarda pul aparıblar. Türkiyə vətəndaşı 1960-ci il təvəllüdlü Elgün Cumhur Elgun oğlunun mənzilinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 40 min avro, 10 min ABŞ dolları və 10 min Azərbaycan manatı oğurlayıblar. Faktla bağlı dərhal Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib. Mənzilə baxış keçirən polis əməkdaşları oradan barmaq izləri götürüblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, oğrular Türkiyə vətəndaşının yaşadığı mənzilə açar seçmə yolu ilə daxil olublar. Hazırda sözü gedən oğurluq hadisəsinin kim tərəfindən törədilməsi Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən araşdırılır.