Avtobusda yuxulayan qadının telefonunu oğurlayan narkoman ələ keçdi

Ötən gün Abşeron rayon Polis İdarəsinin əməkdaşları cibgirlik və narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri saxlayıblar. APA TV-nin məlumatına görə, narkotik vasitə alarkən saxlanılan 49 yaşlı Ədalət Məhəmmədov polis idarəsinə gətirilib. O, ilkin ifadəsi zamanı əsl sənətinin oymaçı olduğunu, asan yolla pul qazanmaq üçün cibgirliklə məşğul olduğunu bildirib. Ədalət Məhəmmədov ifadəsində göstərib ki,  sonuncu dəfə 20 nömrəli marşrut avtobusu ilə gedərkən qadına məxsus mobil telefonu götürərək dayanacaqda düşüb. Onun sözlərinə görə, həmin an telefonun sahibi olan qadın yuxuya getdiyindən o, bu əlverişli fürsəti dəyərləndirib.

 

Narkotik istifadəçisi olan Ədalət Məhəmmədov Abşeron rayonunda bazarın yanında tanımadığı bir şəxsə yaxınlaşaraq ondan bir büküm narkotik vasitə alıb. Çox keçməyib ki, Abşeron rayon Polis İdarəsinin narkotiklərlə mübariz idarəsinin əməkdaşları onu saxlayaraq idarəyə gətiriblər.

İstintaq zamanı məlum olub ki Ədalət Məhəmmədov bundan öncə də dəfələrlə məhkumluq həyatı yaşayıb. Ədalət Məhəmmədova narkotik vasitəni satan şəxs də yaxalanaraq istintaqa cəlb olunub. Məlum olub ki bu şəxs, əvvəllər 5 dəfə məhkumluq həyatı yaşayan Salman Lələyevdir.

 

Şübhəli şəxs qismində idarəyə gətirilən Salman Lələyevin üzərindən narkotik vasitə polis əməkdaşları tərəfindən götürülüb. Həmçinin onun Masazır qəsəbəsindəki kirayə qaldığı  evinə baxış zamanı oradan da narkotik vasitələr aşkarlanıb. Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv