Sərin bulaq, dağ havası - “Qız öldü dərəsi” yaylağından REPORTAJ

İsti yay mövsümünün gəlişi ilə hər kəs qızmar istilərdən bir neçə günlüyə də olsa yaxa qurtarmaq üçün dəniz sahillərinə, dağlara üz tutur. Üstəlik bunun üçün xeyli pul xərcləmək məcburiyyətində qalırlar. Amma istisna da var. Söhbət köçəri həyat yaşayan çoban ailələrindən gedir. Onlar  bütün yayı dağların qoynunda, gözəl yaylaqlarda, çadır dəyələrdə yaşayır. Gecələri sobaların başında yorğanla yatır, ən təbii qidalarla qidalanır, üstəlik bir illik azuqələrini toplayırlar.

 

Goranboyun “Qız öldü dərəsi” yaylağı Mürovun yaxınlığında, dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Qışı aranda keçirən dağ adamları yayda bura köç etməyi bərəkət hesab edirlər. Ailəlikcə dədə-babadan qalma adətləri yaşadır, maldarlıqla məşğul olurlar. Çadır evlərində yuxudan erkən qalxan qadınlar çalışma saatına görə kişilərə görə daha çox işləyir. Dağ başında yaşayan qadın sübh tezdən oyanar, samovara od salar, inəkləri, qoyunları sağar....

 

İş bununla bitməz.. Toyuq-cücələri yemləyər, evi səliqəyə salar, su daşıyar, xəmir qatıb, yuxa açarlar. Ailənin qış boyu yeyəcəyi azuqəsi toplamaq da onların üzərinə düşür.

 

Kəlbəcər sakini Nəzakət Quliyeva öz zəhmətlərinin bəhrəsinin gördüklərini deyir: "Zəhmətimizlə yaşayırıq. Zığ olur, çətinlik olur. Amma buna baxmayaraq biz hər çətinliyə dözürük. Yağ eləyirik, özümüz istehsal edirik, öz əlimizin yağını yeyirik. Pendir eləyirik, öz əlimizin pendirini yeyirik. Arı saxlayırıq, öz saxladığımız arının bəhrəsini götürürük. Öz zəhmətimizlə dolanırıq. Qış olanda kilo ilə heç nə almırıq. Hamısını buradan yığıb aparırıq. Bacardığımızı özümüz edirik. Toyuq-cücə saxlayırıq, qaz saxlayırıq, hind toyuğu saxlayırıq, Onunla da dolanırıq. Öyrəşmişik də, biz neçə ildir belə şəraitə öyrəşmişik. Amma indiki qız-gəlinlər dözmür. Öz qızım gəlmişdi, dözmədi... Hava pis oldu, qaçdı getdi..."

 

Bütün bunlara rəğmən yaşlı nəslin qadınları özlərindən yaşca kiçik qadınların gördüyü işi bəyənməzlər. 80 yaşı ötmüş Çiçək nənə gəncliyində dağ qadınlarının işinin daha çox olduğunu deyir: "Biz sərinliyə öyrəşmiş adamlarıq, ora da istidir. İstiyə dözmürük. Qoynumuzu qırxırdıq, yuyurduq, darıyırdıq, əyirirdik, aparıb boyaqçıda boyayıb gətirirdik, gətirib gəbə toxuyurduq. Amma indi heç nə yoxdur. İndi uşağın saxlayır, bir-iki mal-qoyun saxlayır. Ayrı nə işləyəcək. Ot biçmirlər, taya qurmurlar, heç nə... Amma biz orda biçirdik, yığırdıq, çəkirdik, taya qururduq. Hər şey edirdik. Burada heç nə yoxdur".

 

Murad dayı Kəlbəcər rayonundan köçkün düşdüyü ildən bu günə ailəsi ilə bu yaylağa gələr, eyni yurda düşər. Həm təsərrüfatını təbii otlarla yemləyir, həm də mal-qarasının sayını rahatlıqla artırır.

 

Yaylağa köç edən hər bir ailə, həm özlərinin, həm də heyvanlarının su təlabatını rahatlıqla ödəmək üçün bulaq başında yurd yeri seçər. Bənzərsiz gözəl mənzərəsi olan yaylaqların yolu  narahat olduğundan hər maşın bura qalxa bilməz. Bəlkə də məhz bu səbəbdən dağların gözəlliyi necə var elə də qalıb. Murad dayı deyir ki, Kəlbəcərdən sonra buradakı bulaq suyu, dağ havası yəni bu yurd yeri bir növ ailənin dərdlərinə məlhəm olub. Təsərrüfatlarını genişləndirərək, həm var-dövlətlərini artırırlar, həm də sağlam və gümrah həyat tərzi yaşayırlar.

 

Yaylaqlarda elektrik enerjisinin olmaması, qısası böyük şəhərlərdə ki gurultulu səs-küyün yoxluğu insanların psixologiyasının sağlam qalmasına səbəb olur. Bununla yanaşı, insanlığa qənim kəsilən yersiz informasiyalardan uzaq durmaq hələ də, zirvələrdə yaşayan insanlarda saf insanlıq hissinin qorunub yaşadılmasına təkan verir. 

Müəllif | Apa.Tv
Apa.tv