Prezident təkid etdi, Şərəf Malkoç MHP liderindən üzr istədi
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın tələbi ilə baş müşaviri Şərəf Malkoç MHP lideri Dövlət Baxçalıdan üzr istəyib. APA TV-nin məlumatına görə, prezident öz müşavirinin MHP liderinin mövqeyinə rişxənd etmək haqqı olmadığını deyib: "Sizin belə bir haqqınız yoxdur və siz siyasətçi belə deyilsiniz. Siz hazırda prezidentin müşaviri və sıradan bir məmur vəzifəsini daşıyırsınız. Sağ olsun, mənim təkidimdən sonra o mətbuata açıqlama yayaraq həm Dövlət Baxçalıdan, həm MHP üzvlərindən üzr istəyib. Bu kimi məsələlərə diqqətli yanaşmaq lazımdır".
Xatırladaq ki, AKP rəhbərliyi avqustun 7-də Yeniqapıda keçiriləcək mitinqə CHP və MHP rəhbərlərini də dəvət edib. MHP lideri Dövlət Baxçalı bu dəvəti qəbul edərək, mitinqə qatılacağını açıqlayıb. Bundan sonra prezidentin baş müşaviri Şərəf Malkoç Fox TV-yə verdiyi açıqlamada Baxçalının mitinqə qatılmaq qərarını rişxəndlə dəyərləndirib: "Baxçalının bu qədər insana bir də nə vaxt xitab etmək imkanı olacaq?" Bu açıqlama MHP tərəfindən narazılıqla qarşılanıb və sabotaj kimi dəyərləndirilib. Prezidentin təkidindən sonra Şərəf Malkoç MHP liderindən üzr istəyib.