Əllərinə "Azadlıq cənnətdir" sözü yazdıran oğru: "Ürəyimə dammışdı ki, tutulacağam"

"Svoboda eto ray... Azadlıq cənnətdir".

 

Əhəd Quliyev bu sözləri əllərinə həbsxanada döydürüb. Azadlığın cənnət olduğunu bilə-bilə yenidən özünü bu cənnətdən məhrum edən bu şəxsin cəmi 19 yaşı var. Əslən Çəbrayıl rayonundandır, hazırda Nərimanov rayonunda yaşayır. Bir neçə aydır axtarışda olan bu şəxsi Nərimanov rayon Polis İdarəsinin əməkdaşları nəhayət iş başında yaxalayıblar. Əhəd Quliyev gecə saatlarında mənzillərdən oğurluq edib, özü də bu işi tək gördüyünü deyir:

 

"Dördüncü faktdır. Yox, vərdiş deyil. Bilirsiniz, ürəyimə dammışdı ki, tutulacağam. Amma deyirdim ki, bu axırıncıdır, daha eləmərəm".

 

Özünün dediyinə görə, tamah üzündən sözünə xilaf çıxa bilməyib. İşığı yanmayan mənzilləri öncədən müəyyən etdikdən sonra oğurluq edəcəyi günü müəyyənləşdirir və mütləq spirtli içki qəbul edirmiş.

 

"Adam sevinir, amma bir yandan da çəkinirsən. Fikirləşirsən ki, bu işlərin sonu necə olacaq. Amma pulu görən kimi o qorxu hissi yoxa çıxır. Onsuz da oğurluq etmək üçün gəlirsən də bura. Qorxan adamın burada nə işi var? Amma az da olsa mütləq qorxu olur. İçkili olanda isə heç olmur. Rahat olursan". 

 

İlk məhkumluğunda  məhkəmənin qərarı ilə 1 il 8 ay cəza alan  Əhəd  Quliyev   təcridxanadan yeni çıxdığını bildirib. Əməlindən peşman olduğunu desə də, bu dəfə cəzasının az olmayacağını  yəqin edib.  Faktı Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsi araşdırır. 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv