Türkiyə səfiri: "Düzgünlüyün yanında olduğu üçün Azərbaycana təşəkkür edirik"

"Çevrilişə cəhddən 3 həftə keçir. Artıq mühüm qərarlar alınıb və FETÖ-nün Türkiyədəki izlərini tapıb kökünü kəsmək istiqamətində addımlar atılır". APA TV-nin məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun deyib.

 

Onun sözlərinə görə, Fətullahçı terror təşkilatının (FETÖ) xain hücumu ilə üz-üzə qalan Türkiyədə bu gün atılan bütün addımların hüquqi əsası var: "Bu addımlar hüquq çərçivəsində həyata keçirilir. 3 həftədir FETÖ-nün izinin silinməsi üçün işlər görülür. 15 iyul gecəsi qaranlıq gecə idi, meydanlara axan xalq, demokratiyaya dəstək verən siyasi partiyalar hökumətin yanında oldu. Bununla Türkiyə mühüm nəticələr əldə edərək aydınlığa çıxdı. Kənardan baxanda havada döyüş təyyarələrinin dinc insanlara hücum etdiyini gördük, ciddi spekulasiyalar həyata keçirməyə çalışdılar. Ancaq xalq demokratiyaya sahib çıxdı".

 

Diplomat qeyd edib ki, 15 iyulda Türkiyə iqtisadiyyatı da hədəf alınmışdı: "Çox yaxın və güclü təhlükəni dəf etdik. Türkiyə iqtisadiyyatı mühüm sınaqdan keçdi. Birjalar fəaliyyətini tezliklə bərpa etdi, iqtisadiyyatımız qısa zaman ərzində stabilləşdi. Uğursuz xain çevrilişin Türkiyə iqtisadiyyatına təsir etmədiyini deyə bilmərik. Lakin iqtisadiyyat özünü tez zamanda ələ ala bildi. Rəqəmlərə diqqət etsək, iqtisadiyyatımızın güclü və stabil olduğunu görə bilərik".

 

Səfir Türkiyəyə dəstək göstərən Azərbaycana təşəkkürünü bildirib:

 

"Təkcə qardaşlığın deyil, həm də doğrunun, düzgünlüyün yanında olduğu üçün Azərbaycana minnətdarlığımızı bildiririk".

 

Müəllif | Apa.Tv
Apa.tv