Sabirabadda qadın qeysəriyyə əməliyyatından sonra öldü
Sabirabadda hamilə qadın qeysəriyyə əməliyyatından 4 gün sonra dünyasını dəyişib.
APA TV-nin qadının qohumlarından əldə etdiyi məlumata görə, hadisə Sabirabad rayonundakı Perinatal Mərkəzdə qeydə alınıb. Ucar rayonunun Alpout kənd sakini, 36 yaşlı Seyfəliyeva Familə Aydın qızı 4 gün əvvəl qarnında ölü döllə ağır vəziyyətdə mərkəzə daxil olub. Qadının bətnində olan ölü döl qeysəriyyə əməliyyatı ilə götürülüb. Lakin vəziyyətindəki ağırlaşan Familə Seyfəliyeva 4 gün sonra - avqustun 5-də axşam saatlarında dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə verilib. Ölümün səbəbi ekspertizanın rəyindən sonra açıqlanacaq.
Faktla bağlı araşdırma aparılır.