XXXI Yay Olimpiya Oyunları başladı

Avqustun 6-da Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

 

Açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıblar. Bu mərasim üçün 300 rəqqas, 5 min könüllü cəlb olunub. Mərasimdə istifadə olunması üçün 12 min kostyum hazırlanıb. Olimpiya Oyunlarının açılış mərasiminə televiziya, internet və s. vasitəsilə ümumilikdə üç milyard insanın baxdığı bildirilir.

 

Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunur. Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. İdmançıların paradında Azərbaycan bayrağını dünya çempionu, boksçu Teymur Məmmədov aparıb.

 

“Rio-2016” bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilir. Belə ki, Cənubi Amerikada ilk dəfədir Olimpiya Oyunları keçirilir. Rio-de-Janeyronun dörd rayonunda - Deodoro, Barra, Kopakabana və Marakanada 17 gün davam edəcək Olimpiadada 306 yarış keçiriləcək və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunacaq. XXXI Olimpiadada rekord saytda 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparacaq.

 

 

Müəllif | Apa.Tv