Hacıqabulda maskalı basqın: ev sahibinin qızıllarını apardılar

Hacıqabulda evə maskalı basqın etmiş şəxsləri tutulub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 30 iyul 2016-cı il tarixdə gecə saat 3.00 radələrində üzlərində maska olan naməlum şəxslər Hacıqabul şəhər sakini Elnarə Cəfərovanın evinə daxil olaraq onu, həmçinin qızlığı Xədicəni bıçaq və qayçı ilə hədələyərək mənzildən 3770 manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

 

Avqustun 3-də Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Şirvan şəhər sakinləri - 1991-ci il təvəllüdlü Xəyyam Ələsgər oğlu Mehrəliyev, 1997-ci il təvəllüdlü Kamran Kazım oğlu İsmayılov və azyaşlı, 1998-ci il təvəllüdlü İmran Fuad oğlu Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

 

Basqınçılar oğurluqdan əldə etdikləri qənimətləri satmağa fürsət tapmadan polis oğurlanmış qızıl-zinət əşyalarını müsadirə edərək istintaqa təqdim edib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv