Gülər Əhmədova: "10 yaşlı oğlum qapılarda qalıb" - MƏHKƏMƏ

Oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra G. Əhmədovanın vəkili Əfsər Talıbov çıxış edib. O, müdafiə etdiyi şəxsin barəsində olan cinayət işinə xitam verilməsi, barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, barəsində yayılan videomateriallar əsassız olduğundan onların sübutlar siyahısından çıxarılması barədə vəsatətlər verib. Dövlət ittihamçısı Eldar Həmzəyev vəsatətlərə münasibət bildirərkən deyib ki, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət təmin oluna bilməz, çünki Gülər Əhmədova gizlənə, məhkəmədən yayına bilər. Gülər Əhmədova isə bildirib ki, barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini azyaşlı oğluna görə istəyir: “Niyə qaçmalıyam? Əlimdə pasportum da yoxdur. 8 yaşlı oğlum on aydır, anasız qapılarda qalıb. Sona kimi mübarizə aparacağam və sübut edəcəyəm ki, məni şərləyiblər".

 

Prosesdə Elşad Abdullayevin məhkəməyə ünvanlanmış məktubu elan olunub. E. Abdullayev məhkəmədən zərərçəkmiş kimi tanınmasının, ona dəymiş 1 milyon manat ziyanın ödənilməsinin təmin olunmasını istəyib. Lakin prokuror məktuba münasibət bildirərək deyib ki, bu məsələlər əsassız olduğu üçün təmin oluna bilməz. 


Prosesin baxış iclası oktyabrın 28-nə təyin olunub. 

Müəllif | Apa.Tv