VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalı başa çatıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən bir həftə ərzində festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilib. Proqrama uyğun olaraq iyulun 30-dan avqustun 5-dək Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunub, pianoçuların beynəlxalq müsabiqəsi keçirilib.
Festivalın sonuncu günü Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında təşkil olunan konsertdə gənc pianoçular - Prezident təqaüdçüsü Nərmin Nəcəfli, Bilkent Universitetinin müəllimləri Nurlan Bağırov və Çiğdem Çilesiz iştirak edib.
Festivalın açıq səhnədə keçirilən bağlanış mərasimində isə Ukraynanın “Kiyev virtuozları” Simfonik Orkestrinin konserti olub. Festivalın bədii rəhbəri, “Kiyev virtouzları” Orkestrinin musiqi rəhbəri Dmitri Yablonskinin drijorluğu ilə keçirilən konsertin solistləri-Milan şəhərindəki “La-Scala” Akademiyasının tələbəsi Azər Rzazadə, italiyalı musiqiçi Federika Lombardi, Almaniyanın Nürnberq Opera Teatrının solistli Cavid Səmədov və rusiyalı Arkadi Şilkloper olub. Konsertdə Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Festival Qara Qarayevin və Ceyhun Hacıyevin “Vətən” operasından Mərdanın ariyası və Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.
Qeyd edək ki, festivalı çərçivəsində avqustun 2-dən 5-dək keçirilən Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi də başa çatıb. Müsabiqədə Rusiya və Azərbaycanın gənc istedadlı pianoçuları mükafatlar uğrunda bacarıqlarını nümayiş etdiriblər. Gənc pianoçulardan birinci yeri tutan Vurğun Vəkilov və Anna Kavalerovanın hər birinə 2500 dollar, ikinci yerə çıxan Tofiq Şıxıyev və Yevgeniya Antonovanın hər birinə 1500 dollar pul mükafatı verilib. Müsabiqədə 3-cü yeri tutan olmayıb. Lakin, pianoda yaxşı ifalarına görə başqalarından fərqlənən Rəşid Behbudov və Atabala Manafzadənin hər birinə 500 dolar pul mükafatı və həvəsləndirici diplom təqdim edilib.