Fəthullan Gülənin keçmiş "sağ əli" FETÖ ilə əlaqəsi olan sabiq nazirlərin adlarını açıqladı

"Fəthullah Gülən ağlını itirmişdi, cinnət keçirirdi. Məni öldürtməyə çalışdı. Mən onun ABŞ-dan Türkiyəyə gətirilməsini istəyirdim. Mərkəzi Kəşfiyyat İdarəsinin əlində oyuncaq olmasını istəmirdim". APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyə telekanallarından birinə açıqlamasında bir zamanlar Fəthullah Gülənin "sağ əli" adlandırılan, sonradan FETÖ terror təşkilatına müharibə elan edən Nurəddin Veren deyib.

 

Nurəddin Verən FETÖ tərəfindən ölümlə hədələndiyi barədə o zamanların daxili işlər naziri Əbdülqadir Aksuya müraciət etdiyini deyib: "Mənə dedi ki, nazir olduğuma görə, sizin aranıza girmək istəmirəm. Həm də siz Gülənlə ata-oğul kimisiniz. Əvvəllər də aranızda belə dava-dalaşlar olub. Aksudan ümidimi üzdükdən sonra Cəmil Çiçək bəyin yanına getməyi qərara aldım. Bir nəticə olmadı, o zaman Üsküdar Cümhuriyyət Prokurorluğuna getdim. Ora etdiyim müraciət də nəticəsiz qaldı".

 

Nurəddin Verən qeyd edib ki, Fəthullah Gülən camaatının dövlət strukturlarına sızmasında AKP-dən əvvəlki hökumətlərin də böyük rolu olub: "Bundan əvvəl də hökumətlərin Gülənə iltifatla, sevgi ilə, hörmətlə yanaşması, onun hakimiyyətə doğru sürətlə irəliləməsini təmin etdi. Gülən sadəcə bugünkü hökuməti deyil, əvvəlki hökumətləri də öz məqsədləri üçün istifadə edə biləcəyinə özünü inandırmışdı. Tansu Çillər ona çox hörmətlə yanaşırdı. Eyni zamanda rəhmətlik prezident Dəmirəl də təhsil sahəsində göstərdiyi xidmətlərə görə Gülənə inandı. Gülənə bu səbəbdən 14 respublikada, xüsusi ilə Orta Asiya respublikalarında məktəblər açmağa icazə aldı".

 

Nurəddin Verən sabiq daxili işlər naziri Əbdülqadir Aksunun Fəthullah Gülənin ən yaxın adamlarından olduğunu deyib: "Əbdülqadir Aksu Gülənin yanına tez-tez gəlib-gedən, camaatı və Güləni yaxşı tanıyan şəxsdir, hətta Gülən onun atası ilə dostdur. Aksunun oğlu da tez-tez Gülənin yanında gedərdi. Həftə sonları onun yanında qalardı. Aksu bu işlərin işində olan şəxsdir. İndi ölkədən qaçmış Önder Aytacın qardaşı Özgür Aytac daxili işlər naziri işləyən zaman Aksunun yanında çalışırdı".

 

Nurəddin Verən FETÖ-nün hərbi çevrilişə hazırlaşdığı barədə hələ beş əvvəldən xəbər tutduğunu deyib: "Çevriliş cəhdindən düz beş ay əvvəl bununla bağlı məlumatları Milli İstihbarat Təşkilatının əməkdaşlarına təqdim etmişdim. Amma sonra nə oldu? Bu məlumatları ya MİT rəhbərinə çatdırmadılar, ya MİT rəhbəri məlumatları prezidentə vermədi. Elə bu səbəbdən də prezidentimiz ölkədə çevriliş cəhdi olduğunu yeznəsindən öyrənir".

 

Müəllif | Apa.Tv
Apa.tv