Neftçalada ildə 10 min avtomobil istehsal olunacaq zavodun təməli qoyuldu

 Neftçala Sənaye Məhəlləsində “Azevrocar” MMC şirkətinin “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun təməli qoyulub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

 

İstehsal gücü ildə 10 000 ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 15 mln. ABŞ dolları olan layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İyun ayında isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

 

Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan bəzi avtomobil modelləri, eləcə də Neftçala Sənaye Məhəlləsinə sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrimizin genişlənməsinin Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb. Onun sözlərinə görə, iqtisadi sahədə əməkdaşlıq Azərbaycan-İran əlaqələrinin mühüm istiqamətlərindəndir. Azərbaycanda 450 İran sərmayəli şirkət fəaliyyət göstərir. İran tərəfindən 150 mln. ABŞ dolları qeyri-neft sektoru olmaqla, Azərbaycan iqtisdaiyyatına 2,5 mlrd. dollar investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 66% artıb.

 

Nazir qeyd edib ki, təməli qoyulmuş avtomobil istehsalı zavodu 10 hektar ərazidə tikiləcək. İlkin olaraq zavoda 15 mln. dollar həcmində investisiyanın yatırılması nəzərdə tutulur. İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25 faizinin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75 faizi isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək.

 

İranlı nazir Məhəmmədrza Nemətzadə dost və qonşu ölkələr olar İran və Azərbaycan arasında əlaqələrin dövlət başçılarının fəaliyyəti nəticəsində son zamanlar daha da inkişaf etdiyini vurğulayıb.  O qeyd edib ki, bu gün təməli qoyulan avtomobil istehsalı zavodu bunu bir daha təsdiq edir.

 

Daha sonra Neftçala Sənaye Məhəlləsinə avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khadro” şirkətləri arasında 6 müqavilə imzalanıb. Sənədləri Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin rəhbəri Emin Axundov və İran İslam Respublikasının “İran Khodro” şirkətinin baş direktoru Haşim Yekke Zare imzalayıblar. Müqavilələr distribyutor, lisenziya, avadanlıqların satışı, quraşdırılması və istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə edir.

Müəllif | Apa.Tv
Apa.tv