Qəbul imtahanlarında yeniliklər - MƏLEYKƏ ABBASZADƏ
Növbəti qəbul zamanı əvvəlki illərin məzunları və həmin illərin məzunları müxtəlif vaxtda imtahan verəcəklər. Əvvəlki illərin məzunları qəbul imtahanlarını may ayında verəcəklər və nəticələri həmin ayda açıqlanacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə APA TV-yə 2014-cü ildə abituriyentləri gözləyən yeniliklərdən danışdı:
- Orta məktəbi 2014-cü ildə bitirənlər qəbul imtahanlarını həmişəki kimi iyul ayında verəcəklər. Bu bizə imkan verəcək ki, bütün kontingenti yaxşı binalarda yerləşdirək. Həm əvvəlki illərin, həm də orta məktəblərin 2014-cü il məzunları ixtisas seçimini eyni vaxtda – ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra edəcəklər.
Universitetlərdə yerlərin, qəbul planının doldurulması naminə balların aşağı salınması və aşağı nəticə göstərənlərin də qəbul olunmasının nə dərəcədə düzgün olub-olmamasına gəlincə, o bildirib ki, aşağı intervalda olan gənclərin sayı ümumi qəbul olanların arasında təxminən 12% idi:
- Birinci kursun sonunda həmin tələbələrin akademik nəticələrini yoxlamaq üçün “Tələbə-məzun” sistemində onların nəticələrini araşdırdıq. Bu zaman onların ali məktəblərdə qalıb təhsil almaları, yoxsa akademik borclarına, tədris prosesində çətinliklərə görə kəsilib ali məktəblərdən xaric olunmaları məsələsi yoxlanıldı. Biz gördük ki, onlar ali məktəblərdən xaric olunmayıb. Və heç bir ali məktəbdən az bal toplayaraq qəbul olan tələbələrlə bağlı bizə hansısa narazılıq göndərilməyib. Hələ ki, ali məktəblər aşağı bal toplayan tələbələrdən imtina etmirlər.
Məleykə Abbaszadə Ukrayna və Rusiyanın ali məktəblərinə bizim imtahanlarda aşağı nəticə göstərən və təhsil almaq üçün müəyyən maddi imkanları olan kontingenti aparmağa çalışan müxtəlif biznes qurumları fəaliyyət göstərir. O bildirib ki, qonşu ölkələrin təhsil sistemi Azərbaycandakı təhsil sistemindən heç də güclü deyil. Bu ölkələrdə ali təhsilin ictimai nüfuzu aşağı düşüb və valideynlər düşünürlər ki, uşaqlar hansısa adi bir peşəyə yiyələnərək özlərini saxlaya bilsinlər.