Prezident: "Azərbaycan İrana qarşı sanksiyaların həmişə əleyhinə olub"
“Azərbaycan və İran beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir. Azərbaycan İrana qarşı sanksiyaların həmişə əleyhinə olub”. APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi vurğulanıb. Prezident vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Ermənistanın aprel təxribatı pislənib, kontakt qrupu yaradılıb.
Aprel təxribatlarından söz açan prezident İlham Əliyev bildirib ki, Azərbaycan məcburiyyət qarşısında qalaraq torpaqlarını və əhalisini qorumaq üçün addımlar atıb. Prezident bildirib ki, bu addımlar çox təsirli olub və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.