Neft həftəyə yüksəlişlə başladı
"Brent" markalı neft həftəyə bahalaşmaqla başlayıb. APA TV-nin məlumatına görə, birjalarda həftənin ilk hərraclarında "Brent" neftinin qiyməti 44,47 dollar təşkil edib. Bu, ötən həftənin son qiymətindən cüzi də olsa, bahadır. Qərbi Texas nefti isə qiymətini sabitləşdirə bilib. Hazırda WTİ neftinin bir bareli 42 dollardan təklif olunur. Qiymətlərin bahalaşmasına Çindən gələn xəbərlər təsir göstərib. Açıqlanan hesabatda Çinin ticarət balansında profisitin artdığı öz əksini tapıb. İdxal və ixracın həcminin aşağı düşməsi Çin iqtisadiyyatında qeyri-stabilliyin davam etməsi kimi dəyərləndirilib və bu faktor neftin bahalaşmasına təsirini göstərib. Bu həftə neftin qiymətinə müxtəlif ölkələrin və OPEK-in neft hasilatına və ehtiyatlara dair hesabatlarının açıqlanması öz təsirini göstərəcək.