Prezident İlham Əliyev: "İranla əlaqələrimiz sürətlə inkişaf edir"
Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşılayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Daha sonra Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü olub.
Görüşdə çıxış edən prezident İlham Əliyev bildirib ki, səfər çərçivəsində bir çox məsələlər müzakirə ediləcək: "Bir daha xoş gəlmisiniz, cənab Prezident. Sizi ürəkdən salamlayıram. Çox şadam ki, biz Sizinlə tez-tez görüşürük. Bu ilin fevral ayında mən İranda rəsmi səfərdə idim. İndi Siz bizim qonağımızsınız. Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, bizim əlaqələrimiz necə sürətlə inkişaf edir. Bu gün səfər çərçivəsində bir çox məsələlər müzakirə ediləcək və əminəm ki, nəticələr də yaxşı olacaq. Bir daha xoş gəlmisiniz".
İran prezidenti Həsən Ruhani isə, bildirib ki, münasibətlərin genişləndirilməsi üçün bu səfərdə yeni addımlar atılacaq: "Bir daha bu gözəl şəhərdə, xüsusilə Azərbaycan xalqı ilə görüşdüyümə görə çox şadam. Şübhəsiz ki, bizim əlaqələrimiz səmimiyyətlə və uğurla inkişaf edir. Zati-alilərinin Tehrana səfəri çox uğurlu səfər idi və çox düzgün addımlar atılmışdı. Ümid edirəm ki, münasibətlərin genişləndirilməsi üçün bu səfərdə yeni addımlar atılacaq. Yaxşı münasibətlərimiz həm ikitərəfli, həm də regional çərçivədə çox əhəmiyyətlidir, müsbət haldır".
Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin daha da artırılması, hökumətlərarası komissiyanın uğurlu fəaliyyəti, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsi, qarşılıqlı investisiya qoyuluşu və turizmin inkişaf etdirilməsi, hava nəqliyyatı, dəmir yolu, səhiyyə, əczaçılıq, bank sahələrində, o cümlədən Xəzər dənizində əməkdaşlıq, “Şimal-Cənub” layihəsinin önəmi, terrorizmlə mübarizə, regional sülhün və sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində, bank, turizm və mədəniyyət, nəqliyyat, elektron təhlükəsizlik, bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq sazişləri imzalanıb.