İstanbulda demokratiya və şəhidlər mitinqi keçirildi

İstanbulun Yeniqapı meydanında milyonlarla insanın qatıldığı demokratiya və şəhidlər mitinqi keçirilib. APA TV-nin məlumatına görə, mitinq Türkiyə Silahlı Qüvvələrinin mehtər bölümünün çıxışı ilə başlayıb.

 

Mitinq iştirakçılarının sayının 5 milyona yaxın olduğu bildirilib. Meydanda Türkiyə bayrağı ilə bərabər Azərbaycan bayrağı da dalğalandırılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Türkiyə Silahlı Qüvvələr Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı mitinq meydanına gəliblər.

 

Bu, iştirakçılarının sayına görə Türkiyə tarixində ən böyük mitinqdir. Mitinqdə iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı həlak olan şəhidlərin xatirəsi anılıb, İstiqlal Marşı oxunub.

 

Çıxış edən Milliyyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Bahçeli xalqa meydanlarda olduğu üçün təşəkkür edib və hər zaman onların yanında olacağını vurğulayıb: "Bəxtiyaram, çünki, Türkiyəmizin şahlanışını qürurla izləyirəm. Xoşbəxtəm çünki, millət, iradə və inanc burdadır. Bükülməz bilək, əyilməz baş, yenilməz milli qüdrət burada, bu meydandadır! Türkiyə  bütün gözəllikləri ilə yeni səfərə Yeniqapıdan başlayır. Türk milləti taleyinə sahib çıxdı. Hamınızla qürur duyuram".

 

CHP sədri Kamal Kılıçdaroğlu çıxışına prezident və xalqı salamlayaraq başlayıb. Daha sonra 15 iyulda həlak olan şəhidlər haqqında, "240 aslan igidimizi torpağa tapşırdıq" deyərək çıxışına davam edib: "Qazi Mustafa Kamal Atatürk bunu deyirdi: "Məsələ Vətənsə, gerisi təfərrüatdır". Bizim üçün əsas məsələ Vətəndir, sonuna qədər də Vətən olacaq və biz bu Vətənə sahib çıxacağıq! Mən daxil bütün siyasətçilər bu müsibətdən dərs çıxarmalıdır".

 

Türkiyə Silahlı Qüvvələr Baş Qərargahının rəisi Hulusi Akarın çıxışının ardından tribunaya baş nazir Binəli Yıldırım çıxıb. Tribunadan "bu gün tarix yazdın Türkiyə", deyərək xalqı coşduran baş nazir prezidenti, onun xanımını və xalqı salamlayıb: "Bir olsaq çata bilməyəcəyimiz hədəf qalmayacaq, edə bilməyəcəyimiz bir iş olmayacaq. Birlikdə Türkiyə olsaq həll edə bilmədiyimiz heç bir problem olmayacaq. Buradakı tarixi birliyi gözümü kimi qoruyacağıq. İntiqam hissi ilə deyil, ədalət və hüquqla hərəkət edəcəyik. Terrorçular şəhid və qazilərimizin hesabını verəcəklər".

 

Son olaraq prezident Rəcəb Tayyib Ərdoğan tribunaya çıxıb. Prezident nazirləri və xalqı salamlayaraq çıxışına başlayıb. 15 iyul gecəsində küçəyə çıxan tankların qabağında duran xalqa bir daha təşəkkür etdiyin söyləyib: "Sizlər 15 iyulda əsarət və zillət qəbul etmədiyinizi silahlara sinənizi sipər edərək, tankların qabağında uzanaraq göstərdiniz. Baxıram ki, bir qazimiz özünü tankın altına atıb, birindən sağ çıxıb, o birinin altına atanda qolundan yaralanıb. Həmin şəxs xəstəxanada olanda ona zəng vurdum, halını soruşdum. Bilirsiniz mənə nə dedi? Dedi ki, məni boş verin, siz necəsiniz cənab prezident?  Bu başqa bir ruh, başqa bir sevgidir. İmansız olanlar, imanlılar qarşısında dayana bilmədilər.  Bu FETÖ hər şeyi hesablasa da,  bu milləti hesab edə bilmədi. Bu millətin imanını, inancını və dirənişini yaddan çıxardı"

 

Qeyd edək ki, dünən İstanbulla yanaşı, Türkiyənin 80 vilayətində də demokratiyaya və dövlətə dəstək mitinqləri keçirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv