Azərbaycanın Gömrük İttifaqına qoşula bilərmi? - RƏSMİ MÖVQE
“Fikrimcə, Azərbaycanın hansısa birtərəfli formata daxil olması məqsədəuyğun deyil".
Bu sözləri Azərbaycanın Avrasiya İqtisadi Birliyi (EvrAzES) və Gömrük İttifaqına qoşulmasının mümkünlüyü haqda suala cavabında xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Onun sözlərinə görə, Azərbaycan yalnız bir istiqamətə baxmamalıdır:
- Bu cür birliklərin yaradılması hələlik ilkin mərhələdədir. Orada bir çox aspekt var ki, onları nəzərdən keçirmək lazımdır. Azərbaycan yenə də beynəlxalq cəmiyyətin üzvüdür. Bir neçə təşkilatın üzvüdür və birtərəfli qərarların götürülməsində mən böyük bir mənfəət görmürəm.
Nazir müavini bildirib ki, NATO Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi ərəfəsində bu proqramı daha da inkişaf etdirmək, yeni ölçülər vermək və yeni imkanlar yaratmaqla Azərbaycan kimi etibarlı, davamlı və çox faydalı ölkələrlə yeni əməkdaşlıq mexanizm yaratmalıdır. Onun sözlərinə görə, bu mexanizmlər Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində qurula bilər:
- Lakin NATO-nun Azərbaycan kimi ölkələrini siyasi marağına önəm verməsi lazımdır. Siyasi baxımdan həmrəylik şüar kimi olmamalıdır. Praktiki addımlar atılmalıdır.
Araz Əzimov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) yüklərinin 30%-inin Azərbaycan vasitəsilə daşındığını qeyd edib.