Güclü partlayışdan son anda qurtuluş - LERİKDƏ DƏHŞƏTLİ QƏZA
Lerikdə yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Piran kəndi ərazisində qeydə alınıb.
“Shacman” markalı, "90 JT 683" dövlət nömrə nişanlı yük maşını aşaraq bir gün əvvəl nasazlıq səbəbindən alt yolda dayanmış “Dongfeng” markalı, 99 HK 227 dövlət nömrə nişanlı yük maşınının üstünə düşüb və onu içərisində oksigen və propan balonlarının olduğu anbara tərəf aşırıb.
Anbarda saxlanılan qaz balonlarından birinin sızması nəticəsində ərazidə təhlükəli vəziyyət yaranıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qəza şəraiti qiymətləndirilməklə, təhlükəsizliyin təmin olunması məqsədilə anbarda olan balonlar kənarlaşdırılıb, maşınların oradan uzaqlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Qəza zamanı həmçinin “Shacman” markalı yük maşınının sürücüsünün oturduğu kabinə də ciddi deformasiyaya uğrayıb.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.